Təfəkkür Universitetində Xocalı qurbanları anılıb

0
257

Fevralın 24-də Təfəkkür Universitetində Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı “Mərhəmət Kimsəsizlərə Dəstək” ictimai birliyi ilə birgə Xocalı soyqırımının 23-cü ildönümü münasibətilə anım tədbiri keçirilib. Tədbir şəhidlərin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan edilib.

Tədbiri giriş sözü ilə “Mərhəmmət” Kimsəsizlərə Dəstək ictimai birliyinin sədri İradə Nəsirova açaraq Xocalı soyqırımının bəşəri bir cinayət olduğunu, Ermənistanın beynəlxalq hüquq normalarını saymadığını, hələ də işğal etdiyi Azərbaycan torpaqlarında vandalizm hərəkətlərini törətməkdə davam etdiyini bildirib.

Cinayətkar erməni hərbi birləşmələrinin vəhşiliyi nəticəsində 613 nəfər şəhid, 487 nəfər şikəst olub, 1275 nəfər dinc sakin : qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqirlərə və həqarətlərə məruz qalıblar. 150 nəfərin taleyi hələ də məlum deyil. Şəhid olanların 106-sı qadın, 63-ü isə azyaşlı uşaq olub, şikəstlərin 76-sı yetkinlik dövrünə çatmayan oğlan və qızlardır. 8 ailə bütövlükdə məhv edilib, 24 uşaq hər iki valideynini, 130 azyaşlı uşaq isə valideynlərindən birini itirib. Şəhid olanların yalnız 335-i dəfn olunub.

Tədbirdə “Xocalı soyqırımı və ikili standartlar” mövzusunda məruzə ilə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov Ermənistanın işğalçı və təcavüzkar bir dövlət olduğunu, BMT-nin qəbul etdiyi 4 Qətnamənin icrasında maraqlı olmadığını, beynəlxalq təşkilatların və bu münaqişənin həlli məqsədilə yaradılan ATƏT-in Minsk Qrupuna həmsədrlik edən dövlətlərin isə Ermənistanı təcavüzkar bir dövlət kimi tanımaq əvəzinə işğalçı bir dövlətə hərtərəfli dəstək göstərdiklərini, Xocalı soyqırımına ikili standartlarla yanaşdıqlarını bildirib.

Tədbirdə Təfəkkür Universitetinin müəllimi, tarixçi alim Nəsiman Yaqublu çıxışında Xocalı soyqırımının törədilməsinin ermənilərin əsrlər boyu Azərbaycana, türklərə qarşı nifrətinin bariz nümunəsi və nümayişi olduğunu bildirib. N. Yaqublu Xocalı hadisələri zamanı baş verənlərin insanlığa qarşı cinayət olduğunu və ilk dəfə 1992-ci ilin may ayında qələmə aldığı “Xocalı qırğını” kitabında bu hadisələrin əsl mahiyyətinin göstərildiyini bildirib.

Tədbirdə Təfəkür Universitetinin prorektoru İlham Musayev, Demokratik Gənclər Ictimai Birliyinin sədri Ramil Süleymanov, Skandinaviya Ölkələri ilə Mədəni və Elmi Əlaqələr ictimai birliyinin sədri Nazim Əhmədli, Xocalı rayon sakini, döyüşçü Murad Məhərrəmov, Təfəkkür Universitetinin Tələbə Gənclər Təşkilatının sədr müavini Musazadə Əzət Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən tanıdılması məqsədilə həmrəylik göstərməyin vacib olduğunu vurğulayıblar.

Şərh yaz