Müsahibimiz “Mərhəmət” Kimsəsizlərə Yardım İctimai Birliyinin sədri İradə Poladdır

0
191

Müsahibim İradə (İradə Polad) Nəsirovadır. O, “Mərhəmət” Kimsəsizlərə Yardım İctimai Birliyinin sədridir. Birlik 2005-ci ildə rəsmi dövlət qeydiyyatından keçib.
BİRLİYİN fəaliyyətinin əsas məqsədi aztəminatlı və kasıblıq həddində yaşayan ailələrin sosial problemlərinin həllinə kömək etməkdən ibarətdi.
Təşkilat məqsədlərə çatmaq üçün aşağıdakı vəzifələri gerçəkləşdirir:
1. Sosial problemlərin həllinə və inkişafına xidmət edən layihələr hazırlayıb, həyata keçirmək.
2. Yetkinlik yaşına çatmış uşaq evi məzunlarının yaşayış yeri və işlə təmin olunmasına kömək edən layihələri hazırlamaq.
3. Kimsəsiz əlillərin onlara uyğun işlə təmin olunmasına yardım edən layihələri hazırlayıb, həyata keçirmək.
4. Qocalar evində yaşayanların problemləri ilə maraqlanmaq və bu sahədə müəyyən tədbirlər həyata keçirmək.
Aldığım müsahibədən belə qənaətə gəldim ki, cəmiyyət vətənsevərlik ruhunun təbliğatı yönündə çeşidli tədbirlər gerçəkləşdirir. İndiyə kimi nizamnamədə nəzərdə tutulan fəaliyyət istiqamətində müxtəlif tədbirlər həyata keçirib və layihələr gerçəkləşdirib.

Bakıda və regionlardakı uşaq evlərində, qocalar evlərində bir sira tədbirlər həyata keçirib. Onlara mənəvi dəstək olub, cəmiyyətin bu sosial təbəqəsinin müvəqqəti də olsa acılarını unutdurmağa çalışıb.
Regionlarda fiziki və əqli qüsurlu uşaqlara baş çəkir, onlara mənəvi yardım etməyi özünə insanlıq borcu bilir.
Birlik regionlarda yaşayan insanlara yardım etmək, bu sayaq problemləri həll etmək məqsədi ilə bölgələr üzrə birliyin təmsilçiliklərini yaratmağı planlaşdırır. Düzdür, bir neçə rayonda belə təmsilçilik var, ancaq qüsurlu insanların hər bölgədə olduğunu nəzərə alaraq, bu sahədə şəbəkəni genişləndirmək istəyir.
Birlik vətənsevərliyin təbliğatı sahəsində işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi, qaçqınların öz dədə-baba yurdlarına dönməsi ilə bağlı aksiyalar keçirib, bir sıra toplantı və mərasim gerçəkləşdirib.
Milli qəhrəmanlarımızın anım və doğum günlərinin yad edilməsi ilə bağlı mərasimlər düzənləyib.
Milli Qəhrəman Mübariz İbrahimovun ad günündə qəbrinin ziyarətini təşkil edir, onun qəhrəmanlığını yeniyetmə və gənclərə çatdırır. Bundan başqa torpaqlarımızın qorunması və azad edilməsi uğrunda mübarizə aparan, canını qurban verən şəhidlərimizin həyatından, vətənə sədaqətli xidmətindən danışır. Onlara vətənsevərlik ruhunu aşılayır.
Erməni girovluğunda olan Dilqəm Əsgərov və Şahbaz Quluyevin azad edilməsi ilə bağlı beynəlxalq miqyasda tədbir keçirən ilk təşkilat və qadın vətəndaş cəmiyyətinin sədridir.
Qeyd edək ki, birlik ilk dəfə olaraq, Tiflisdə, Ermənistanın Gürcüstandakı səfirliyinin binası qarşısında girovlarımızın azad ediliməsi tələbi ilə aksiya keçirib.

Bundan başqa girovların ailə üzvləri ilə görüşüb, onlara mənəvi dəstək verib.

Birlik qaçqın ailələri ilə müntəzəm görüşlər keçirir, onlara mənəvi dəstək verir. İşğal altında olan torpaqların azad edilməsi və onların geri dönmələri uğrunda mübarizəni təbliğ etməkdədir.
İradə Polad gələcəkdə də işğal atlında olan Azərbaycan torpaqlarının, Dağlıq Qarabağın işğaldan azad edilməsi ilə bağlı haqlı, ədalətli mövqeyimizin dünya ictimaiyyətinə çatdırılması yönündə Avropa ölkələrində aksiya keçirməyi nəzərdə tutub. Bundan başqa “20 Yanvar” və “Xocalı faciəsi”nin mahiyyətini beynəlxalq aləmdə təbliğini Qərbdə təşkil etmək üçün müxtəlif aksiyalar keçirməyi planlaşdırır. Artıq belə tədbirlər həyata keçirilir və davam etməkdədir.

Şərh yaz