Erkən nigah və digər adət-ənənələrə bağlı nigah problemləri

0
49


Ölkəmizdə hələ də erkən nigah problemi qalmaqdadır. Erkən nigah ölkə qanunvericiliyinin müəyyən etdiyi minimal yaş həddini keçmədən qurulan ailələrdir. Azərbaycan qanunvericiliyinə görə, erkən nigah 18 yaşdan kiçik oğlanların və 17 yaşdan kiçik qızların ailə qurması və birgə yaşamasıdır. Ölkəmizdə belə ailələrin sayı rəsmi açıqlanmasa da, bu sahə ilə məşğul olan qeyri-hökumət təşkilatlarının və müstəqil ekspertlərin açıqladıqları nəticələr bu məsələdə statistikanın hədsiz çox olduğunu deməyə əsas verir.

Araşdırmalar görə ölkədə hər 6 nəfərdən biri 18 yaşına çatmadan ailə qurur. UNİSEF-in məlumatında Azərbaycanda bir il ərzində təxminən 15 yaşına çatmayan beş minə qədər qızın ailə qurduğu açıqlanır. Bu elə də az rəqəm sayılmır. Erkən nigahın başvermə səbəbləri müxtəlifdir. Müşahidələrə görə bəzən erkən nigaha rəvac verən ailənin maddi sıxıntısı olur. Digər tərəfdən də buna “din xadimləri” maraq göstərir. Çox hallarda maddiyyat güdən bəzi “din xadimləri” azyaşlıların nigaha girməsinə özləri təşəbbüskar olurlar. Təəssüf ki, onlar bu məsələdə cinayət məsuliyyətindən yaxalarını asanlıqla qurtara bilirlər.

Son vaxtlar qızların erkən yaşda ailə qurması artıq dəb halını alıb. Bu məsələdə maraqlı olan valideynlər hesab edirlər ki, qızları erkən yaşda ailə qurmasalar, evdə qalacaq. ər tapa bilməyəcəklər. Amma erkən nigahın gələcəkdə hansı fəsadlara yol aça biləcəyinə göz yumulur. Demək olar ki, əksər ana və uşaq ölümlərində iştirakçı olan xanımların erkən yaşda olmasına rast gəlinir. Bundan əlavə boşanmalar da erkən yaşlarında ailə quran qadınlar arasında baş verir. Erkən yaşda ailə quran qadınların orta təhsili belə yarımçıq qaldığından və ya olmadığından gələcəkdə onların iş barədə çətinlikləri yaranır. Belə ki, erkən yaşda ailə quran və sonradan boşanan qadının təhsili olmadığı üçün özünə iş tapa bilmir və o pul qazanmaq üçün ya əxlaqsızlığa , ya da digər təhlükəli yollara əl atmağa məcbur olur. Çıxış yolu tapa bilmədikdə intihar etmək qərarına gəlir. Bir sözlə, erkən nigah halları cəmiyyətin inkişafı və gələcəyi üçün ciddi fəsadlara yol aşır ki, bu da ölkənin qlobal bəlasına çevrilir. Sözügedən məsələ ilə bağlı kifayət qədər maarifləndirmə işi aparılsa da, nəticə göz qabağındadır. Ekspertlər hesab edir ki, erkən nigahda məsuliyyət ilk növbədə valideynlərin üzərinə düşür. Belə ki, əksər hallarda valideynlər övladlarının fikrini öyrənmədən belə onların ailə qurması üçün qarşı tərəflə razılığa gəlirlər. Qızının nigah yaşı çatmasa belə onu “ bala, qızım, filankəsin oğludur, imkanları genişdir. Şəhərdə dəbdəbəli evləri, bağları, marketləri, neçə dənə maşınları var” deyərək məcburi surətdə hətta onu özündən yaşca çox böyük şəxslə ailə qurmağa məcbur edirlər. Fəsadlar isə özünü çox gözlətmir. Məlum olur ki, valideynin maddi vəziyyətinə aldanaraq qızını ərə verdiyi şəxs başqa bir ölkənin vətəndaşıdır, və yeni ailə qurduğu qadını burda qoyaraq ölkəni tərk edib…

Bəzən də valideynlər keçmiş adət-ənənələrə əsaslanaraq övladlarını erkən nigaha girməyə məcbur edirlər. Çox vaxt qohumlar arasında belə hallara rast gəlinir. İki qardaş və ya bacı- qardaş biri digərinə vəd verir ki, hər hansı birimizin oğlu və ya qızı doğularsa, onları bir-biri ilə evləndirək. Uşaqlar dünyaya gəldikdən sonra oğlanın valideynləri qızı el arasında deyildiyi kimi “ad eləyirlər”. Məhz belə ənənələr də qızlar və oğlanlar arasında erkən nigahın bağlanmasına yol açır.
Yaddan çıxarmaq olmaz ki, övladlarımız Dövlətimizin gələcəyidir. Onların müasir dövrün sivil qanunları əsasında normal yaşamaq, təhsil almaq və nəhayət sevərək ailə qurmaq hüquqları var. Gəlin onları bu hüquqlarından məhrum etməyək. Övladlarımızın sağlam gələcəyi naminə çalışaq…

Expert Anar Əhmədov
“Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyi
Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra edilən “Gənclər arasında sağlam ailənin təməli haqqında maarifləndirici tədbirlər” layihəsi çərçivəsində hazırlanmışdı

Şərh yaz