“Mərhəmət” İctimai Birliyinin Oğuzdakı layihəsi başa çatıb

0
201

“Mərhəmət” Kimsəsizlərə Yardım İctimai Birliyi “Uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədi ilə günərzi mərkəzlərin xidmətinin göstərilməsi” layihəsini icrasını yekunlaşdırıb

Layihə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maliyyə yardımı ilə Oğuz rayonunda həyata keçirilib.

İctimai birliyin sədri İradə Poladın Qaynarinfo-ya məlumata görə, layihənin əsas məqsədi Oğuz rayonunda yaşayan çətin həyat şəraitində olan ailələrin övladları üçün xidmətlərin əlçatanlılığını təmin etmək, bu uşaqların valideynləri üçün maarifləndirici təlimlərin təşkili olub. Birlik sədri bildirdi ki, layihəyə 30 uşaq cəlb edilib: “Layihənin icra planına uyğun olaraq, öncə Oğuz rayon İcra Hakimiyyətində görüş təşkil edildi. Çətin həyat şəraitində olan ailələrin müəyyən edilməsi üçün yerli orqanların nümayəndələri və könüllülər cəlb edildi. Layihənin həyata keçirilməsi ilə bağlı cəlb olunacaq benefisiarların ailələri ilə görüşlər təşkil edildi və layihə haqqında məlumatlandırıldı. Layihəyə 3-12 yaşa arası uşaqları cəlb etmişdik. Onların arasında sağlamlıq imkanları məhdud olan uşaqlar da vardı. Bu məqsədlə Oğuz rayonunda Günərzi Mərkəzi yaradılmışdı. Mərkəz həftənin 5 günü saat 8:00-dan 20:00-a qədər fəaliyyət göstərirdi. Layihə çərçivəsində kadr seçiminə də həssaslıqla yanaşmışdıq. Uaqlarla işləyəcəyimiz üçün peşəkarlara üstünlük vermişdik”.

İradə xanım bildirdi ki, layihənin icrası zamanı bir çox nüanslara xüsusi diqqət ayırıblar. Belə ki, uşaqların asudə vaxtının təşkili, bilik və bacarıqlarının təkmilləşdirilməsi, onların istedadlarının üzə çıxarılması və ictimaiyyətə təqdim edilməsi də əsas prioritet hədəflərdən idi: “Bu məqsədlə uşaqların valideynlərini də layihəyə cəlb etmişdik. Üstəlik, istedadlı uşaqların PR işini də qarmağa çalışırdıq. Valideynlərlə mütəmadi olaraq görüşlər keçirir, onlardan uşaqlar haqqında məlumatlar əldə edir, layihəyə cəlb edildikdən sonra uşaqların davranış və xarakterlərində olan dəyişikliklər valideynlərə çatdırılır və birgə müzakirələr aparılırdı. Onu da qeyd edim ki, Mərkəzdə reabilitasiya olunan uşaqların qidalanması da nəzərə alınmışdı. Uşaqlar gündə 4 dəfə olmaqla qida ilə təmin olunurdular”.

Birlik sədri vurğuladı ki, Mərkəzin bu müddət ərzində gördüyü işlər, layihəyə cəlb edilmiş uşaqların həyatında mühüm dəyişikliyə yol açmışdır: “Çətin həyat şəraitində olan ailələrdə böyüyən uşaqların cəmiyyətdəki digər uşaqlarla bərabər şəkildə mövcud resurslardan faydalanmaq imkanları bəzən məhdud olur. Belə olan təqdirdə həmin insanlar gələcəkdə nəinki öz potensialına uyğun fəaliyyətlə məşğul ola bilmir, həm də bəzən cəmiyyət üçün təhlükəli bir fərdə çevrilə bilir. Bu baxımdan Mərkəzin resursları çərçivəsində benefisiarların potensiallarının üzə çıxarılması və inkişaf etdirilməsi məqsədilə müdaxilə tədbirləri həyata keçirilmişdir. Belə ki, mərkəzdə tətbiq edilmiş proqramlar, təlimlər, maarifləndirici mövzuların təqdimatı və müzakirəsi, istedadlı uşaqların tanıdılması, rəsm dərsləri, musiqi təlimləri, yazma və oxuma qabiliyyətinin artırılması məşqləri, idman dərsləri, fiziki məşqlər, əyləncəli oyunlar, müsabiqələr, xüsusi günlər və dövlət bayramlarının təşkili kimi bir çox fəaliyyətimiz reallaşdırılmışdır ki, bu da qeyd etdiyimiz kimi, uşaqların cəmiyyətə inteqrasiyası, inkişafı üçün yol açmış olur. Mərkəzin psixoloqu hər bir benefisiarın psixoloji xüsusiyyətini müəyyən etmək, onlara fərdi yanaşmaq məqsədilə psixoloji konsultasiya həyata keçirmişdir. Əldə edilən nəticələr benefisiarların fərdi planına əlavə edilib”.
İctimai birliyin rəhbəri qeyd etdi ki, layihənin davam etdirilməsində maraqlıdırlar. Onun fikrincə, layihənin daha çox regionu və ucqar kəndləri əhatə etməsi ilə layihədən daha çox ehtiyacı olan sakinin yararlanmasına şərait yaratmaq olar: “Hesab edirə m ki, bu layihəni daha təkmil vəziyyətə gətirmək üçün bəzi addımlar atmaq olar. Məsələn, layihənin işçi heyətinin bu sahədə beynəlxalq təcrübəni öyrənməsi məqsədilə beynəlxalq təlimlərə cəlb edilməsi ilə onların digər ölkələrin müsbət təcrübələrini mənimsəməsinə və bununla da Mərkəzin fəaliyyətinin təkmilləşdirilməsinə nail ola bilərik. Daha geniş mərkəzdə və daha çox ləvazimatlar və avadanlıqlarla təmin edilmiş məkanda layihə davam etdirilsə, əldə edəcəyimiz effekti də artıra bilərik. Üstəlik, yerli icra hakimiyyəti və yerli orqanların Mərkəzə dəstək olması ilə daha çox ailələrin cəlb edilməsi prosesi baş verə bilər”.

İctimai birliyin sədri qeyd etdi ki, layihəni təşkilatın öz hesabına davam etdirəcəklər.

Şərh yaz