İradə Polad: “İllər ötsə də Xocalı soyqırımının acısını daha yaxından hiss edirik”

0
207

Zaman keçdikcə 26 il öncə Rusiya ordusunun 366-cı motoatıcı alayı ilə ermənilərin birlikdə törətdikləri Xocalı soyqırımının acısını biz daha yaxından hiss edirik. Ötən illər bizi bu ağrı–acını unutdura bilməyib. Biz millət və dövlət olaraq, dost və düşmənlərimizin dəyişməz olduğunun bir daha təsdiqini tapdıq.
Xocalı faciəsindən sonra dünyada baş verənlər isə bizə Azərbaycan torpaqlarının işğalının mahiyyətini bir daha açdı. Bu gün Suriya, İraq, Yəmən, Əfqanıstan və dünyanın müxtəlif ölkələrində yaradılan qarşıdurma, silahlı münaqişlər bizə Dağlıq Qarabağın işğalının səbəbkarlarını göstərdi.
Bir daha məlum oldu ki, sadaladığmız ölkələrdə pozuculuq fəaliyyəti ilə məşğul olan dünya gücləri olmasa idi, ermənilər Azərbaycan torpaqlarını işğal edə, bu müddət onu nəzarət altında saxlaya bilməzdi.
Ona görə də əminliklə demək olar ki, Azərbaycan torpaqlarını yalnız ermənilər və ya Ermənistan işğal etməyib. Dağlıq Qarabağın işğalında həm də ermənilərin himayədarları canı-dillə iştirak ediblər.
Xocalı soyqırımının əsas icraçısı, Azərbaycanın keçmiş vətəndaşı Serj Sarqsyanın Ermənistan prezidenti olması təsadüfi deyil. O, Azərbaycan SSR-in sakini olub. Dağlıq Qarabağda törədilən ən vəhşi, qanlı hadisələrin başlıca icraçısıdır. O, Xocalı soyqırımının törədilməsinə rəhbərlik edən zaman Ermənistan parlamentinin deputatı idi.
Xocalı sakinlərinin qanı üzərində isə o, Ermənistanda ən yüksək vəzifələr tutub, prezident oldu. Ermənistanın ondan əvvəlki prezidenti Robert Koçaryan da Dağlıq Qarabağda nahaq qanların tökülməsinin baiskarlarındandır.
Kreml onların Azərbaycana qarşı vəhşiliklərini qiymətləndirərək, hər ikisinə ən yüksək vəzifə verdi.
Bu gün Xocalı faciəsinin törədilməsində birbaşa və ya dolayı yolla iştirak edənlər Azərbaycan torpaqlarının işğadan azad edilməsinə mane olurlar. Həmin qüvvələr atəşkəsdən danışmaq, bu rejimin qorunması üçün əldən- ayaqdan getməklə həm də işğalın müddətini uzadırlar. Bununla da Azərbaycanın bütün sahələr üzrə inkişafını əngəlləməyə çalışırlar.
Dünyanın ədalətdən, demokratiyadan, insan haqlarının təmin olunmasından danışan, onu icrasını başqalarından istəyən, habelə bu istiqamət olan tələbləri yerinə yetirilməyəndə həmin dövlətlərə qarşı sanksiyalar tətbiq edib, yaxud onları sanksiyalarla hədələyin aparıcı güclər Xocalı soyqırımı ilə bağlı susurlar. Bu susqunluqları ilə həm işğala, həm də nahaq qanların tökülməsinə rəvac verirlər.
Ancaq yaxşı deyiblər: “Həqiqət günəş şüası deyil ki, ondan ovcunun içi ilə qorunsan”. Ona görə də Xocalı faciəsi müasir dünyanın tanımadığı və ya tanımağa cürəti çatmadığı üz qarasıdır.

Şərh yaz